İmmunitetin rolu
Orqanizmin immun sistemi patogen virusların, bakteriyaların və göbələklərin çoxsaylı hücumlarının qarşısını almaq üçün, nəzərdə tutulan bir “qalxanla” müqayisə oluna bilər. Bu mikroorqanizmlər və ya onların birləşmiş koloniyaları iltihabi ginekoloji xəstəliklərin inkişaf etməsinə səbəb olur ki, bu da nəinki qadınların həyat tərzini pisləşdirir, həm də onların reproduktiv sağlamlığını pozur və analıq sevincindən məhrum edir.
İmmunitet yerli və ümumi olmaqla iki qrupa bölünür: Yerli immunitet selikli qişaları infeksiyalardan qoruyur, ümumi immunitet isə orqanizmin bütün daxili orqanlarının təhlükəsizliyini təmin edir. Deyə bilərik ki, patogen mikroorqanizmlərin toxumaların dərinliyinə nüfuz etməsi və ya xəstəliyin başlanması yerli immunitetdən asılıdır. Artıq başlanmış xəstəliyin nə qədər ağır və uzun sürməsi isə prosesə yerli immunitetdən bir az sonra “qoşulan” ümumi immunitetdən asılıdır.
Yerli immunitet, ginekoloji praktikada vaginal mikrofloranın tərkibinə görə müəyyən edilir. Normada o, yad infeksion agentləri məhv edə bilən çoxsaylı laktobakteriyalardan ibarətdir. Yerli immunitetin zəifləməsi ilə mikrofloranın tərkibi pozulur, vaginal disbioz inkişaf edir və iltihaba səbəb olan viruslara və bakteriyalara yol açılır ki, bu da uşaqlıq boynunun (servisitin), uşaqlığın (endometritin) iltihablı xəstəliklərinin inkişafına, uşaqlıq artımlarının və digər orqanların iltihablaşmasına gətirib çıxarır.
İmmun sisteminin hüceyrələrinin 70%-ə qədəri bağırsaqda yerləşir. Buna görə də normal bağırsaq mikroflorasının qorunması, hər hansı bir iltihabi xəstəliyə, o cümlədən də, ginekoloji xəstəliklərə qarşı mübarizə aparmağa kömək edə bilir. Ümumi immunitetin zəifləməsi ilə ginekoloji xəstəliklərin gedişi yarımkəskin formada olur ki, bu da müsbət hal yox, əksinə böyük bir mənfi haldır. Nəticədə, normal iltihabi reaksiyalara yad bir müdaxilə olmadıqda, infeksiya ocağını tamamilə aradan qaldırmaq mümkün olmur və o, asanlıqla xroniki formaya keçir. Eyni zamanda, ümumi immunitetin imkanları və orqanizmin immun cavabı nə qədər zəif olarsa, xroniki ginekoloji xəstəliklər daha tez kəskinləşər və adi həyat ritmini pozar, nəticədə isə fəsadların artması təhlükəsi yaranar.