Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Vobenzim İstifadəsi haqqında təlimat və buraxılış forması

İSTİFADƏSİ  HAQQINDA TƏLİMAT VƏ BURAXILIŞ FORMASI 

 

Qeydiyyat nömrəsi: DV №  13 - 00266

Ticarət adı: VOBENZİM® 

Beynəlxalq patentləşdirilməmiş adı :  Wobenzym®

Dərman forması: Bağırsaqda həll olan örtüklü tabletlər.

Tərkibi:

Bağırsaqda həll olan və xüsusi örtüklü 1 tabletkanın tərkibi:

Nüvə:

Təsiredici maddələr: Pankreatin 300 prot, şv (100 mq), tripsin 360 F.İ.P. şv (12 mq),  ximotripsin 300 F.İ.P. şv (0,75 mq), papain   90  F.İ.P. şv (18 mq), bromelain 225 F.İ.P şv (45 mq), lipaza 34 F.İ.P. şv (10 mq), amilaza 50 F.İ.P. şv (10 mq), rutozid 3 H2O 50 mq.

Köməkçi maddələr:   Laktoza monohidrat – 149 mq,öncədən jelatinləşdirilmiş nişasta – 31,3 mq, maqnezium – stearat – 6 mq, stearin turşusu – 6 mq, susuz kalloidli silisium dioksidi – 3 mq, ağ toz – 1,50 mq.

ÖRTÜK:

Örtük pərdəsi – 11,9 mq (metakril turşusunun sopolimeri – metilmetakrilat (1:1) – 11,9 mq, natrium laurilsulfat  - 0,04 mq), ağ toz – 4,23 mq, makroqol 6000 – 0,67 mq, trietilsitrat – 1,20 mq, stearin turşusu – 6 mq, rəngli örtük – 12,8 mq (hipromelloza – 3,20 m1, hidroksipropilselloza - 3,83 mq, mikrokristallikli selluloza – 1,60 mq, qliserin – 0,64 mq, ağ toz – 1,92 mq, titan dioksidi – 0,38 mq, qırmızı boya 4R (E124) – 0,38 mq, sarı narıncı boya S(E 110) – 0,83 mq)

Təsviri: İkitərəfli qabarıq, dairəvi, hamar səthli, özünəməxsus qoxulu və qırmızı-narıncı rəngə boyanmış tabletlərdir. Qlafın xarici rənginin intensivliyinin qırmızı-narıncı rəngdən, qırmızı rəngə dəyişmə intervalı yolveriləndir.

Farmakoterapevtik qrupu: İltihabəleyhinə, ödeməleyhinə, fibrionolitik və immunomodulyator təsirə malik preparat.

ATC kodu: L03AX

Farmakoloji xüsusiyyətləri:

Vobenzim – yüksək aktivlikli bitki və heyvan mənşəli təbii proteolitik enzim kombinasiyasından ibarətdir. Orqanizmə daxil olan enzim nazik bağırsaqlardan intakt molekula şəklində qana sorularaq, qanın nəqliyyat zülalları (α2 – makroqlobulin və α1 – antitripsin) ilə birləşərək, “Proteaza – antiproteaza” kompleksi əmələ gətirir. Kompleksin əmələ gəlməsi nəticəsində antiproteaza (α2 – makroqlobulin) passiv formadan aktiv formaya keçərək, iltihab sitokinlərinin və boy faktorunun hüceyrəxarici tənzimləmə funksiyasını həyata keçirir. Nəticədə, onların keçiriciliyini, klirensini və eliminasiyasını təmin edir. Bu kompleksdə preparatın tərkibində olan ekzogen proteaza özünün antigen determinantlığını maskalayır və allergik reaksiyaların baş verməsinin qarşısını alır.

“Proteaza – antiproteaza” aktiv kompleksində proteolitik enzimlər qan qamarları vasitəsi ilə hərəkət edərək, patoloji ocaq zonasında toplanır və özünün immunomodulyator, iltihabəleyhinə, fibrinolitik, ödeməleyhinə, antiaqreqant və ikincili ağrıkəsici təsirini göstərir. Vobenzim iltihabi prosesin gedişinə müsbət təsir göstərməklə, autoimmun və immunokompleks proseslərin patoloji təzahürlərini məhdudlaşdırır, orqanizmin immunoloji reaktivliyinin göstəricilərinə müsbət təsir göstərir. Qanda təbii killer hüceyrələrinin, monosit-makrofaqların funksional aktivlik səviyyəsini, şişəleyhinə immuniteti, sitotoksik T-limfositləri, hüceyrələrin faqositar aktivliyini stimulyasiya edir və tənzimləyir. Vobenzimin təsirindən dövr edən immun cisimciklərin miqdarı azalır və toxumalardan immun komplekslərin, membran depozitlərin çıxarılması baş verir. Vobenzim plazmatik hüceyrələrin infiltrasiyasını azaldır, iltihab zonasından zülal detritlərinin və fibrin depozitlərinin eliminasiyasını sürətləndirir, maddələr mübadiləsinin və nekrozlaşmış toxumaların toksiki məhsullarının lizisini sürətləndirir. Hematoma və ödem əlamətlərinin sorulmasını yaxşılaşdırır, damar divarlarının keçiriciliyini normallaşdırır. Vobenzim, qanda tromboksanin konsentrasiyasını və trombositlərin aqreqasiyasını azaldır. Qan hüceyrələrinin adgeziyasını tənzimləyir, eritrositlərin öz formasını dəyişmək qabiliyyətini artırır, onların plastikliyini tənzimləyir, normal diskositlərin sayını normallaşdırır və trombositlərin aktiv formalarının ümumi sayını azaldır, qanın özüllüyünü normallaşdırır, mikroaqreqatların ümumi miqdarını azaldır və beləliklə, qanın reoloji xüsusiyyətlərini və mikrosirkulyasiyanı yaxşılaşdırır, eyni zamanda, toxumaların qida maddələri və oksigenlə təchizatını təmin edir. Vobenzim -  hormonal preparatların qəbulu ilə əlaqədar baş verən əlavə yan təsirlərin dərəcəsini azaldır (hiperkoaqulyasiya və s.). Vobenzim - lipid mübadiləsini normallaşdırır, endogen xolesterinin sintezini və aterogen lipidlərin miqdarını azaldır, yüksək sıxlıqlı lipoproteinlərin miqdarını isə artırır. Vobenzim – qanın pıazmasında və iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırır və beləliklə, onların terapevtik effektivliyini yüksəldir. Eyni zamanda, enzimlər bağırsaqların ekologiyasını yaxşılaşdırmaqla, antibiotikoterapiyanın xoşagəlməz yan təsirlərinin (disbakterioz) qarşısını alır. Vobenzim qeyrispesifik müdafiə mexanizmini (interferon sintezi) tənzimləməklə, virusəleyhinə və mikrobəleyhinə təsir edir.

 

İstifadəsinə  göstərişlər:

Aşağıdakı xəstəliklərin kompleks müalicəsində tətbiq edilir:

Angiologiya: tromboflebitlər, posttromboflebit xəstəliyi, səthi venaların kəskin tromboflebitləri, endarterit, aşağı ətraf arteriyaların obliterasiyaedici aterosklerozu, residiv gedişli flebitlərin profilaktikası, limfatik ödem.

Urologiya: sistit, sistopielit, prostatit, cinsi yolla keçən infeksiyalar.

Ginekologiya: urogenital yolların xroniki infeksiyaları, adneksit, hestozlar, mastopatiyalar, hormonal müalicə zamanı orqanizmdə baş verən xoşagəlməz əlamətləri azaltmaq və aradan qaldırmaq məqsədi ilə.

Kardiologiya: gərginlik stenokardiyası, miokard infarktının yarımkəskin dövrü (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün).

Pulmanologiya: sinusit, bronxit, pnevmoniya.

Qastroenterologiya: pankreatit, hepatit.

Nefrologiya: pielonefrit, qlomerulonefrit.

Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit.

Revmatologiya: birləşdirici toxumanın diffuz xəstəlikləri(Qırmızı Qurd Eşənəyi, Sistemli Sklerodermiya,Dermatomiozit),müxtəlif növ vaskulitlər, revmatoidli artrit, reaktiv artrit, ankilozedici spondiloartrit(Bexterev xəstəliyi),osteoxondroz,bursit,tendinit,artroz, osteoartrit və s..

Dermatologiya: atopik dermatit, sızanaqlı səpmə.

Cərrahiyyə: əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası və müalicəsi (iltihabların, trombozların, ödemlərin), posttravmatik və limfatik ödemlərin müalicəsi, plastik və rekonstruktiv əməliyyatlardan sonra bitişmə xəstəliyi.

Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar, əzilmələr, xroniki posttravmatik proseslər, yumşaq toxumaların iltihabı, bağ aparatının zədələnməsi, idman zamanı rast gələn travmalar.

Nevrologiya: dağınıq skleroz, osteoxondroz.

Pediatriya: atopik dermatit, tənəffüs yollarının müxtəlif infeksion və iltihabı xəstəlikləri (yuxarı və aşağı tənəffüs yollarının iltihabı, pnevmoniya), yuvenil revmatoid artrit, cərrahi müdaxilədən sonrakı ağırlaşmaların müalicəsi və profilaktikası (sağalmayan və irinli yaralar, bitişmələr, yerli ödem).

Oftalmologiya: uveit, iridosiklit, hemoftalm, diabetik retinopatiya, gözdə müxtəlif cərrahi əməliyyatlar.

Profilaktika: mikrosirkulyasiya pozğunluqları, poststressor pozğunluqlar, adaptasion mexanizmlərin pozğunluqları. Hormonal müalicənin və hormonal kontrasepsiyanın orqanizmdə törətdiyi xoşagəlməz əlamət-lərin qarşısını almaq məqsədilə. Cərrahi müdaxilələr zamanı infeksion ağırlaşmaların və bitişmə xəstəliyinin profilaktikası.

Vobenzimin qəbulu, onkoloji xəstələrə kimyəvi və ya şüa üsulu ilə aparılan müalicə zamanı, xəstənin həyat-tərzini yaxşılaşdırmaq və infeksion ağırlaşmaların profilaktikası üçün məsləhət görülür. Virus mənşəli infeksiyaların və onların ağırlaşmalarının profilaktikası.

Xüsusi göstərişlər: Vobenzim preparatının tərkibində dopinq birləşmələri aşkar olunmayıb.

Vobenzim infeksion proseslər zamanı antibiotikləri əvəz etmir, lakin qanın plazmasında və iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırmaqla onların effektivliyini artırır.

 

Ehtiyat tədbirləri: Preparatın qəbulunun ilk günləri xəstəliyin simptomları kəskinləşərsə, preparatın dozasını müvəqqəti olaraq azaltmaq və həkimə müraciət etmək məsləhət görülür.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Vobenzim-in digər dərman preparatları ilə eyni vaxtda qəbulu zamanı, uyuşmazlıq hallarına rast gəlinməmişdir. Eyni vaxtda istifadə edildikdə qanın plazmasında və iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırmaqla onların effektivliyini artırır.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Hamiləlik və laktasiya dövründə preparatdan istifadə əks göstəriş hesab edilmir, lakin hamilə qadınlar Vobenzimi  həkim nəzarəti altında qəbul etməlidirlər.

 

İstifadə qaydası və dozası:

Tabletləri yeməkdən 30-40 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra  çeynəmədən 200 ml maye ilə qəbul etmək lazımdır.

Böyüklər üçün: Xəstəliyin aktivlik və ağırlıq dərəcəsindən asılı olaraq, 3-10 tabletka gündə 3 dəfə qəbul etmək məsləhət görülür. Birinci 3 gün ərzində gündə 3 tabletka 3 dəfə qəbul edilir. Xəstəliyin orta aktivliyi zamanı Vobenzim 2-3 həftə ərzində gündə 5-7 tabletka 3 dəfə təyin edilir və sonra müalicə 2 həftə ərzində gündə 3-5 tabletka 3 dəfə qəbul etməklə   davam etdirilir. Xəstəliyin yüksək aktivliyi zamanı 2-3 həftə ərzində gündə 7-10 tabletka 3 dəfə təyin edilir və sonra dozanı  azaldaraq - gündə 5 tabletka 3 dəfə qəbul etməklə, müalicə kursunun 2-3 ay davam etdirilməsi məsləhət görülür. Xroniki, uzunmüddətli xəstəliklər zamanı Vobenzim 5 tabletdən gündə 3 dəfə qəbul etməklə 3 aydan 6 aya qədər və daha çox davamlı kurslarla qəbul edilə bilər. Antibiotiklərin effektivliyinin artırılması və disbakteriozun profilaktikası məqsədi ilə, Vobenzim preparatını antibiotiklərlə terapiyanın bütün kursu ərzində 5 tabletdən gündə 3 dəfə olmaqla qəbul etmək lazımdır. Bağırsaqların mikroflorasının (biosenozunun) bərpa edilməsi məqsədi ilə, antibiotiklə müalicə kursu bitdikdən sonra, Vobenzim preparatı 3 tabletdən gündə 3 dəfə olmaqla 2 həftə ərzində qəbulunu davam etdirmək məsləhət görülür. Vobenzim preparatını “qoruyucu” müalicə kimi kimyəvi və ya şüa müalicəsində infeksion ağırlaşmaların qarşısının alınması və bazis müalicəsinin xəstələr tərəfindən yaxşı keçirilməsi üçün və eyni zamanda, xəstələrin həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə müalicə kursunun başa çatdırıldığı günədək, gündə 5 tabletka 3 dəfə olmaqla istifadə etmək məsləhət görülür. Profilaktik məqsədlə Vobenzim gündə 3 tabletka 3 dəfə olmaqla 1,5 ay müddətində istifadə edilir. Kurs müalicəsinin ildə 2-3 dəfə təkrar olunması məsləhət görülür. 

Uşaqlar üçün: Preparat 5 yaşdan 12 yaşa qədər olan uşaqlara, hər 6 kq çəkiyə, gündə 1 tabletka təyin edilməsi məsləhət görülür. 12 yaşdan yuxarı uşaqlara, böyüklərə təyin edilən sxemlə verilir. Doza və müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkimlər tərəfindən müəyyən edilir.

Əlavə təsirləri: Vobenzim, adətən orqanizm  tərəfindən yaxşı qəbul edilir. Əksər hallarda, hətta yüksək dozalarla, uzunmüddətli istifadə  zamanı əlavə təsirlər  müşahidə olunmamışdır. Bəzi hallarda bağırsaq möhtəviyyatının konsistensiyasının və qoxusunun cüzi dəyişiklikləri, ürəkbulanma, mədə nahiyəsində ağırlıq,  övrəşəkilli dəri səpkiləri qeydə alınır ki, bu əlamətlər də preparatın dozasını aşağı salmaqla və ya sutkalıq dozanın qəbulunun sayını artırmaqla aradan qaldırmaq olar. Qeydə alınmış əlavə yan təsirlərin əmələgəlmə tezliyi 0,02% təşkil edir (2009-cu ildə təhlükəsiz PSUR hesabatına əsasən) və müşahidə olunan heç bir yan təsir “ciddi təsir” kimi qiymətləndirilməmişdir. Əksər hallarda, mədə - bağırsaq sisteminin pozğunluqları (65%) və dəri səpkiləri (13%) qeyd edilmişdir.

Vobenzim preparatının qəbulu zamanı bir dəfə də olsa, “doza həddinin aşması” hallarına rast gəlinməmişdir. İçlik vərəqədə göstərilməyən digər əlamətlər meydana çıxdıqda  preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək məsləhət görülür.

 

Doza həddinin aşılması: Preparatın doza həddinin aşılması hallarına rast gəlinməyib.

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Yüksək qanaxma ehtimalı ilə əlaqədar olan xəstəliklər (hemofiliya, trombositopeniya və s.) xəstəliklər, hemodializ zamanı və 5 yaşına qədər olan uşaqlar.

Buraxılış forması: 20 tablet blisterlərdə. 2, 5 və 10 blister (40, 100 və 200 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 800 ədəd tablet içlik vərəqə ilə birlikdə yüksək sıxlıqlı polietilen flakonlarda  buraxılır.

 

Saxlanma şəraiti: Otaq temperaturunda (150-250C), quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz  buraxılır.

 

Qeydiyyat vəsiqəsinin verildiyi hüquqi şəxsin adı:   

                      Mucos Pharma GmbH&Co.KG                    Telefon: +49(0)89 \ 638372-0

                      Miraustraβe17                                              Tel.fax: +49(0)89 \ 638372-161

                      D-13509 Berlin, Deutschland                        E-mail:  info@mucos.de

 

İstehsalçı: MUCOS Emulsionsgesellschaft GmbH.

                  Chemisch – pharmazeutische Betriebe. Miraustraβe 17.

                  D – 13509 Berlin, Deutschland.

                  Telefax: +49(0)89 \ 638372-161

                   E-mail:  info@mucos.de

 

Firmanın Azərbaycanda rəsmi destribüteru AZERİ MED firmasıdır.

Məsləhət və əlavə məlumat üçün:

AZ 1033  Bakı şəhəri, Asif Məmmədov küç 30

Tel./faks:      +994 12  566-70-70

e-mail:  office@azerimed.com 

www.wobenzym.az

www.mucos.az

Yuxarı